Bayrağımıza baxaq: Azərbaycan hansı dəyərlərin dövlətidir?


Azərbaycan Respublikasının Dövlət Bayrağı sadəcə üç rəngdən və ay-ulduzdan ibarət bir parça deyil. O bayraq Azərbaycan dövlətçiliyinin, milli kimliyimizin və müstəqillik ideyamızın simvoludur.


Mavi rəng türkçülüyü, qırmızı rəng müasirlik və demokratik inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Aypara və səkkizguşəli ulduz da tariximiz, milli kimliyimiz və dövlətçilik düşüncəmizlə bağlı mühüm simvollardır.


Ancaq burada çox mühüm bir fərqi unutmamalıyıq: Azərbaycan müsəlman xalqının yaşadığı dünyəvi, demokratik və hüquqi dövlətdir. Azərbaycan nə şiə dövləti, nə sünni dövləti, nə xristian, nə də yəhudi dövlətidir. Azərbaycan Azərbaycanındır!
Bizim milli birliyimiz məzhəblər üzərində deyil, Azərbaycan vətəndaşlığı, milli kimlik, dövlətçilik, müstəqillik və ərazi bütövlüyü üzərində qurulmalıdır.
Azərbaycan xalqı əsrlər boyu İslamın müxtəlif məzhəblərini, eləcə də ölkədə tarixən mövcud olmuş digər ənənəvi dini icmaları bir arada yaşatmış xalqdır. Bu tolerantlıq bizim zəifliyimiz deyil, əksinə, milli sərvətimizdir. İnsanların dini etiqadına hörmət etmək Azərbaycan cəmiyyətinin mühüm xüsusiyyətlərindən biridir.


Lakin tolerantlıq başqa şeydir, xaricdən gətirilən ideoloji və siyasi təsirlərin dini pərdə altında cəmiyyətə yeridilməsi tamam başqa məsələdir.
Bu gün sosial şəbəkələrdə, bəzi media platformalarında və ayrı-ayrı ictimai mühitlərdə dini və məzhəbi qarşıdurmanı qızışdıran, Azərbaycan cəmiyyətini parçalamağa yönələn fikirlərin yayılması ciddi narahatlıq doğurur.


Burada xüsusilə bir məsələni aydın demək lazımdır:
Şiəlik İran siyasi fundamentalizmi demək deyil. Sünnilik də hansısa xarici siyasi qüvvənin ideologiyası deyil.
Azərbaycanın İran dövlətinin müəyyən siyasətlərinə qarşı çıxması İranın siyasi və geosiyasi davranışlarına münasibətdir; bunu bütün şiələrə qarşı münasibət kimi təqdim etmək həm yanlış, həm də təhlükəlidir. Eyni şəkildə, sünni məzhəbinə mənsub Azərbaycan vətəndaşlarını hansısa xarici siyasi mərkəzlərlə eyniləşdirmək də qəbuledilməzdir.


Bizim mübarizəmiz məzhəblərlə yox, Azərbaycan dövlətinin və milli maraqlarının əleyhinə yönələn siyasi təsirlərlə olmalıdır.
Çünki Azərbaycanı parçalamağın ən təhlükəli yollarından biri insanları əvvəlcə məzhəbinə, sonra dini dünyagörüşünə, daha sonra isə siyasi düşərgələrə bölməkdir.


Bu proses nəzarətsiz şəkildə genişlənərsə, nəticəsi sadəcə dini mübahisə olmayacaq. Cəmiyyət daxilində qarşıdurma, nifrət və düşmənçilik yarana bilər. Bunun isə sonu heç vaxt yaxşı olmayıb.


Ona görə də dövlətin üzərinə böyük məsuliyyət düşür.
Azərbaycan hakimiyyəti ölkədə dini və məzhəbi ayrı-seçkiliyə, nifrətə və xarici siyasi təsirlərin dini pərdə altında yayılmasına qarşı aydın və ardıcıl siyasət yürütməlidir. Eyni zamanda bu mübarizə dini etiqad azadlığının və dünyəvi dövlət prinsipinin pozulmasına çevrilməməlidir.


Çünki Azərbaycan dövlətinin gücü insanların hansı məzhəbə mənsub olmasında deyil, hamısının Azərbaycan vətəndaşı olmasındadır.
Bizim ortaq müqəddəsliyimiz dövlətimizdir.
Bizim ortaq dəyərimiz müstəqilliyimizdir.
Bizim ortaq kimliyimiz azərbaycançılıqdır.
Və bütün bunların üzərində dalğalanan Dövlət Bayrağımız bizə bir həqiqəti xatırladır:
Azərbaycanı məzhəblər yox, Azərbaycan xalqının milli iradəsi və dövlətçilik ruhu birləşdirir.
Bayrağımızı ucaldaq, amma onun mənasını da qoruyaq.

Hakkında habermerkezi

Şuna da bakın

AK Parti’nin Çekmeköy’de “CHP’li Sığınmacı” çıkmazı!

Siyaset kulislerinde son dönemde en çok tartışılan ve seçmenin tepkisini çeken bir akım var: “CHP’li …

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir